news-details

Karantin dövründə İspaniyada cinayətkarlıq 74 faiz azalıb

Martın ortalarından koronavirus infeksiyasının yayılması səbəbindən İspaniyada tətbiq edilən karantin rejimi zamanı cinayətkarlıq 74 faizə qədər azalıb.

Xbr.az xarici KİV-lərə istinadla xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, sərt karantin tədbirlərinin tətbiq edildiyi mart ayının 14-dən 31-dək ölkədə 73,8 faiz az cinayət qeydə alınıb. Karantin zamanı ümumilikdə 19,7 min cinayət hadisəsi baş verib, ötən ilin müvafiq dövründə isə bu göstərici 75 mindən çox idi.

Koronavirus epidemiyasından ən çox zərər görən Madrid şəhərində cinayətkarlığın səviyyəsi daha aşağı enib. Paytaxtda 2019-cu ilin analoji dövrü ilə müqayisədə 84 faiz az cinayət törədilib.

İspaniya dünyada yoluxma hallarına görə ABŞ-dan sonra ikinci, ölüm hallarına görə isə ABŞ, İtaliya və Böyük Britaniyadan sonra dördüncü yerdədir. Lakin son günlər virusun yayılma sürətində azalma müşahidə edilir.

Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 17:50-yə olan məlumatına əsasən, İspaniyada 245 mindən çox yoluxma və 25 min 100 ölüm faktı qeydə alınıb, COVID-19 xəstəliyindən sağalan insanların sayı 146 min nəfəri ötüb.

Hibya Xəbər Agentliyi