news-details

Misirin “Egyptair” aviaşirkəti mayın 16-dan bilet satışına başlayacaq

Misirin “Egyptair” aviaşirkəti mayın 16-dan daxili və beynəlxalq aviareyslər üçün bilet satışına başlayacağını elan edib. Şirkət koronavirus pandemiyası ilə əlaqədar martın 19-dan bütün uçuşları dayandırmışdı.

Aviaşirkətin Qahirədəki baş ofisindən bildirilib ki, “Egyptair” pandemiyadan əvvəl yerinə yetirdiyi bütün aviareysləri bərpa edəcək.

“Türk Hava Yolları” ilə birlikdə həyata keçirilən Qahirə-İstanbul-Bakı tranzit reysi də bərpa oluna bilər. Bunun üçün Azərbaycan tərəfinin təyyarələri qəbul etməsinə icazə verməsi lazımdır”, - deyə bildirilib.

Xatırladaq ki, Azərbaycan pandemiya ilə əlaqədar aprelin 5-dən ölkəyə giriş-çıxışları tamamilə dayandırıb və yalnız çarter reysləri yerinə yetirilir. Nazirlər Kabineti yanında Operativ Qərargah giriş-çıxışa tətbiq olunan məhdudiyyətin mayın 31-dək uzadıldığını açıqlayıb.

Pandemiyadan əvvəl Bakıya tranzit uçuşları Şarja və Kiyevin hava limanlarından da həyata keçirilirdi. “Egyptair” tezliklə bu şəhərlərə aviareysləri bərpa etməyə hazırlaşır. Misir şirkəti ilə yanaşı, Birləşmiş Ərəb Əmirliklərinin “Emirates Airlines” və “Etihad Airways” aviaşirkətləri də mayın ortalarından bilet satışına başlayacaqlarını bildirib.

Hibya Xəbər Agentliyi